Siyasətlər və Qaydalar
Bu səhifə Hostinq.az tərəfindən təqdim olunan bütün xidmətlər üçün tətbiq edilən siyasətləri və qaydaları əhatə edir. Hostinq.az xidmətlərindən istifadə etməklə siz aşağıda göstərilən şərtlərlə tanış olduğunuzu və onlara razı olduğunuzu təsdiq etmiş olursunuz.
- Ümumi Şərtlər
1.1. Hostinq.az tərəfindən təqdim edilən bütün xidmətlər mövcud qanunvericiliyə və bu qaydalara uyğun şəkildə göstərilir.
1.2. Müştəri xidmətlərdən yalnız qanuni məqsədlər üçün istifadə etməlidir.
1.3. Hostinq.az, xidmətlərin keyfiyyətini və təhlükəsizliyini qorumaq məqsədilə zəruri hallarda texniki dəyişikliklər aparmaq hüququnu özündə saxlayır.
1.4. Qaydaların pozulması halında Hostinq.az xidmətləri müvəqqəti dayandıra və ya tamamilə ləğv edə bilər.
- Xidmətlərin İstifadəsi
2.1. Hostinq.az xidmətlərindən istifadə zamanı aşağıdakılar qadağandır:
- spam və kütləvi icazəsiz e-poçt göndərişi
- zərərli proqram təminatlarının yayılması
- icazəsiz giriş və ya sistemlərə müdaxilə
- saxta, qanunsuz və ya müəllif hüquqlarını pozan məzmun
- üçüncü şəxslərin hüquqlarını pozan fəaliyyətlər
2.2. Müştəri öz hesabında aparılan bütün əməliyyatlara görə tam məsuliyyət daşıyır.
- Ödəniş Qaydaları
3.1. Xidmətlər üzrə ödənişlər əvvəlcədən (prepaid) həyata keçirilir.
3.2. Ödənişlər əsasən Epoint sistemi vasitəsilə qəbul edilir və sistem birbaşa PashaBank ilə işləyir.
3.3. Ödəniş gecikdiyi halda xidmət dayandırıla bilər.
3.4. Dayandırılmış xidmətin yenidən aktivləşdirilməsi üçün borcun tam ödənilməsi tələb olunur.
- Geri Ödəmə Siyasəti
4.1. Xidmətlərə görə ödənilən məbləğlər şərti qaydada geri qaytarılmır. Sifariş verməzdən əvvəl qərarınızı dəqiq verin.
4.2. Bunun səbəbi odur ki, sifariş verildiyi andan xidmət bizə birbaşa xərc çəkdirir və bu xərc geri qaytarıla bilmir:
• Domen qeydiyyat və ya yenilənmə anında registrə ödənilir, registr isə bu ödənişi geri qaytarmır;
• Hostinq paketi serverdə sizin üçün ayrılmış resursdur və bütün müddət üzrə bizim tərəfimizdən ödənilir;
• VPS və fiziki server ayrılan avadanlıqdır, quraşdırıldığı gündən bizə hesablanır, istifadə olunub-olunmamasından asılı olmayaraq;
• SSL sertifikatları və lisenziyalar hər xidmət üçün ayrıca alınır və geri qaytarılmır.
4.3. Ona görə sifarişdən əvvəl paketin resurslarını, seçdiyiniz müddəti və server lokasiyasını diqqətlə yoxlayın. Şübhəniz varsa, əvvəlcə bizə yazın , sizə uyğun paketi birlikdə seçmək yanlış paketə pul ödəməkdən qat-qat yaxşıdır.
4.4. Yalnız iki halda geri ödəmə mübahisəsiz tətbiq edilir: (a) ödədiyiniz xidməti təqdim edə bilməmişiksə, təqdim edilməyən hissənin məbləği qaytarılır; (b) eyni xidmət üçün iki dəfə ödəniş alınıbsa, təkrar məbləğ qaytarılır.
4.5. Bu iki haldan kənar hallar bizim mülahizəmizlə həll olunur və geri ödəməyə ümid bağlamaq düzgün deyil. Mümkün olduqda geri ödəmə əvəzinə paketin dəyişdirilməsini və ya məbləğin balansınıza köçürülməsini təklif edirik.
4.6. Təsdiqlənmiş geri ödənişlər 10 iş günü ərzində həyata keçirilir.
- Bank Köçürməsi və Rekvizitlər
5.1. Bank köçürməsi ilə edilən ödənişlər yalnız rəsmi bank sənədi (qəbz) əsasında təsdiqlənir.
5.2. Ödənişin təyinat hissəsində mütləq şəkildə müştəri adı, domen adı və ya faktura nömrəsi qeyd edilməlidir.
5.3. Bank köçürmələrinin sistemdə əks olunması 1-3 iş günü çəkə bilər.
5.4. Bank komissiyaları ödəyici tərəf tərəfindən qarşılanır.
- Məxfilik və Məlumatların Qorunması
6.1. Hostinq.az müştərilərin şəxsi məlumatlarının məxfiliyini qorumağı öhdəsinə götürür.
6.2. Şəxsi məlumatlar yalnız xidmətlərin göstərilməsi və qanuni tələblər çərçivəsində istifadə olunur.
6.3. Üçüncü tərəflərə məlumat ötürülməsi yalnız qanunvericiliklə tələb olunduqda mümkündür.
- Şəxsiyyətin Təsdiqlənməsi
7.1. Sifarişin və ya hesabın həqiqiliyi ilə bağlı əsaslı şübhə yarandıqda Hostinq.az müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb edə bilər. Bu tələb xüsusilə VPS, virtual və fiziki server xidmətlərinə aiddir, çünki bu resurslar sui-istifadə riski daha yüksəkdir.
7.2. Şübhə doğuran hallara aşağıdakılar aiddir (siyahı tam deyil):
- ödənişin başqa şəxsin kartı və ya bank hesabı ilə edilməsi;
- hesabdakı məlumatların ödəniş məlumatları ilə uyğun gəlməməsi;
- qısa müddət ərzində çoxsaylı hesab və ya sifarişin yaradılması;
- bank tərəfindən ödənişin mübahisələndirilməsi (chargeback) və ya saxtakarlıq bildirişi;
- xidmətin bu Qaydaların 2.1-ci bəndində qadağan olunmuş məqsədlərlə istifadə edildiyinə dair əlamətlər.
7.3. Tələb oluna bilən sənədlər: şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti; hüquqi şəxslər üçün əlavə olaraq VÖEN və dövlət qeydiyyatı haqqında sənəd. Ödənişin sahibliyi şübhə doğurursa, kartın yalnız son dörd rəqəminin göründüyü bank çıxarışı istənilə bilər.
7.4. Sənəd təqdim edilənədək xidmət aktivləşdirilməyə, artıq aktivdirsə müvəqqəti dayandırıla bilər. Müştəri sənədi təqdim etməkdən imtina etdikdə Hostinq.az xidməti ləğv etmək hüququnu özündə saxlayır; belə hallarda geri ödəmə bu Qaydaların 4-cü bölməsinə uyğun tənzimlənir.
7.5. Təqdim edilən sənədlər yalnız şəxsiyyətin təsdiqlənməsi məqsədi ilə istifadə olunur, marketinq məqsədilə işlənmir və qanunvericiliklə tələb olunan hallar istisna olmaqla üçüncü şəxslərə ötürülmür. Sənədlər məhdud girişli mühitdə saxlanılır və yoxlama başa çatdıqdan sonra, qanuni saxlanma müddəti tələb olunmadıqda, silinir.
7.6. Bu yoxlama müştəriyə qarşı ittiham deyil. Məqsəd xidmətin, digər müştərilərin və şəbəkənin təhlükəsizliyini qorumaqdır.
- Xidmətlərin Dayandırılması və Ləğvi
8.1. Qaydaların pozulması, ödəniş gecikməsi və ya təhlükəsizlik riskləri aşkar edildikdə Hostinq.az xidmətləri dayandıra bilər.
8.2. Müştəri istənilən vaxt xidməti ləğv etmək hüququna malikdir, lakin bu geri ödəmə hüququ yaratmır.
- Məsuliyyətin Məhdudlaşdırılması
9.1. Hostinq.az üçüncü tərəf proqram təminatları, internet infrastrukturu və fors-major hallardan yaranan fasilələrə görə məsuliyyət daşımır.
9.2. Müştərinin məlumatlarının ehtiyat nüsxələrinin saxlanılması əsasən müştərinin öz məsuliyyətindədir.
- Dəyişikliklər
10.1. Hostinq.az bu siyasət və qaydalara istənilən vaxt dəyişiklik etmək hüququnu özündə saxlayır.
10.2. Yenilənmiş qaydalar sayt üzərindən dərc edildiyi andan qüvvəyə minir.
- Əlaqə
Bu siyasət və qaydalarla bağlı suallarınız olduqda dəstək komandamızla əlaqə saxlaya bilərsiniz.