HTTP/3 və QUIC nədir: saytınıza real olaraq nə verir

HTTP/3 son onilliyin ən əhəmiyyətli şəbəkə yeniliyidir, amma haqqında az danışılır çünki istifadəçi onu görmür. Sayt eyni görünür, sadəcə daha tez açılır. Xüsusən mobil internetdə fərq hiss olunur. Bu yazıda nə dəyişdiyini texniki jarqona boğulmadan izah edirik.

Problem harada idi

Uzun illər saytlar HTTP/1.1 protokolu ilə işləyirdi. Orada hər fayl növbə ilə yüklənirdi, ona görə brauzerlər eyni anda bir neçə bağlantı açmaqla vəziyyəti yüngülləşdirirdi.

HTTP/2 bunu həll etdi: bir bağlantı üzərindən çoxlu fayl paralel gedir. Amma bir problem qaldı. HTTP/2 alt qatda TCP istifadə edir və TCP-də bir paket itəndə bütün axın onun yenidən gəlməsini gözləyir. Zəif mobil internetdə paket itkisi normal haldır, ona görə bu gözləmə tez-tez baş verir və bütün səhifəni ləngidir.

QUIC nəyi dəyişdi

QUIC TCP əvəzinə UDP üzərində qurulub və itən paket yalnız öz axınına təsir edir, qalanları davam edir. Praktikada bu o deməkdir ki, zəif internetdə səhifə tam dayanmır, sadəcə bir hissəsi gec gəlir.

İkinci mühüm fərq bağlantının qurulma sürətidir. Ənənəvi qurulumda əvvəlcə TCP əlaqəsi, sonra şifrələmə razılaşması aparılırdı, yəni bir neçə gedib-qayıtma. QUIC bunları birləşdirir və əvvəl qoşulduğunuz sayta yenidən daxil olanda demək olar ki dərhal bağlantı qurulur.

Üçüncüsü şəbəkə dəyişməsidir. Telefonunuz Wi-Fi-dan mobil dataya keçəndə köhnə protokolda bağlantı qırılır və yenidən qurulur. QUIC bağlantını fərqli şəkildə tanıdığı üçün keçid zamanı yükləmə dayanmır.

Real qazanc nə qədərdir

Dürüst cavab: sabit ofis internetində fərq demək olar ki hiss olunmur. Fərq zəif və dəyişkən şəbəkələrdə görünür, yəni mobil internetdə, metroda, şəhərdən kənarda. Ziyarətçilərinizin böyük hissəsi telefondadırsa, bu, real qazancdır.

İkinci qazanc təkrar ziyarətlərdədir. Bağlantının sürətli qurulması hər səhifə keçidində hiss olunur.

Necə yoxlamaq olar

Brauzerin geliştirici alətlərində Network panelini açın, sütunlar arasında Protocol seçimini aktivləşdirin. Orada h3 yazılıbsa, sayt HTTP/3 ilə işləyir. h2 HTTP/2, http/1.1 isə köhnə protokoldur.

Nə lazımdır ki işləsin

Üç şərt var. Birincisi server dəstəyi: LiteSpeed və müasir Nginx versiyaları HTTP/3 dəstəkləyir. İkincisi HTTPS: HTTP/3 yalnız şifrələnmiş bağlantıda işləyir, yəni SSL sertifikatı şərtdir. Üçüncüsü brauzer: bütün müasir brauzerlər dəstəkləyir.

Saytınız Cloudflare kimi şəbəkə arxasındadırsa, HTTP/3 çox vaxt orada aktivləşdirilir və server tərəfindən asılı olmur.

Diqqət ediləcək məqam

HTTP/3 sehr deyil. Beş meqabaytlıq şəkilləri olan sayt HTTP/3 ilə də yavaş açılacaq. Protokol nəqliyyat qatını yaxşılaşdırır, amma daşınan yükün ölçüsünü azaltmır. Ona görə əvvəlcə şəkilləri sıxın, keşi qurun, sonra protokol optimizasiyasına baxın.

Yekun

HTTP/3 quraşdırılması sizdən heç nə tələb etməyən, amma xüsusən mobil ziyarətçilər üçün real fayda verən yenilikdir. Hostinq.az serverlərində LiteSpeed işlədiyi üçün HTTP/3 standart olaraq aktivdir və SSL sertifikatı da paketə daxildir, yəni əlavə heç nə etmək lazım deyil.

Paylaş: